Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Azərbaycanlıların soyqırımı
20 Yanvar , 2015

20 Yanvar – 1990-cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş və bu hadisələrdən 25 il keçir. Bu qanlı cinayət aktı tariximizin kədərli səhifəsi olmaqla yanaşı, həmdə qəhrəmanlıq salnaməsi kimi xatırlanmaqdadır. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
O gecə Azərbaycanın “döyünən üəyi” olan Bakının küçələrində imperiya qüvvələrinin qanlı əlləri ilə xalqımızın azadlıq duyğularına, istiqlaliyətinə qovuşmaq arzularına ilk güllələr atıldı. Neçə-neçə əlyalın, günahsız adamlar qətlə yetirildi, şikəst edildi. Ancaq o şənbə gecəsi atılan top mərmiləri neçə-neçə insan ömrünə son qoyulan güllələr onun azadlığa, müstəqilliyə gedən yolunu kəsə bilmədi. Əksinə, daha da alovlandırdı. Beləcə bu dəhşətli faciə xalqın əbədi qan yaddaşına çevrildi. İmperiya toplarının qarşısında canlı sipərə dönən, həyatını Vətənin azadlığı uğrunda qurban verən oğul və qızlarımız doğma Azərbaycanın ilk azadlıq mübarizələri kimi tanındılar. Rəsmi məlumata görə, həmin gün təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Həmin müdhiş gecədə əsasını ermənilər təşkil edən vəhşiləşmiş hərbiçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandırılıb, o cümlədən, təcili maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilib. Bu faciyəyə ilk etirazını bildirən, Azərbaycan xalqının başına gətirilən bu soyqrımı dünyaya ilk çatdıran isə məhz Ulu öndər Heydər Əliyev oldu. H.Əliyev törədilən faciə ilə bağlı sonralar belə deyirdi:”O. ayrı-ayrı insanlara qarşı törədilən qəsd, təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi.”
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqqədəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzlərinə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. 1990-cu ilin 20 yanvarında Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 25 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir. Həmin günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, öz ölkəsinin, xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. O, gecədə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəsillər dəyiçəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır
Hər xalqın taleyində həlledici mərhələ- tarixi dönüş nöqtəsi olur. Bəzi xalqlar həmin dönüş nöqtəsini keçə bilməyib, tarixə çevirilirlər. Bu mərhələni keçə bilənlər isə həmin günü tarixlərində qanla yazılmış qəhrəmanlıq salnaməsi adlandırırlar. Azərbaycan xalqının qanlı Yanvar salnaməsi kimi.
20 Yanvar Azərbaycan xalqının azadlığa gedən yolunda son və həlledici döyüşü idi. Xalqımız bu döyüşdə dünyanın ən böyük imperiyası-Sovet Birliyi ilə üz –üzə gəldi və azadlıq yolunda 70 illik mübarizəsini tamamladı.
Xalqımıza qarşı törədilən faciənin ildönümü günü paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin sakinləri, elecə də xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar sübh tezdən dəstə-dəstə Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsini dərin ehtiramla yad edir, şəhidlərin məzarları üzərinə və “Əbədi məşəl” abidəsi önünə əkillilər və gül dəstələri qoyur, Vətən övladlarına Allah-taaladan rəhmət diləyirdilər. Allah cəmi şəhidlərimizə rəhmət elesin! Onların müqəddəs qəbirləri nurla dolsun! Məğrur ruhları əbədi şad olsun! 
Həmin hadisələrdən 25 il keçməyinə baxmayaraq, bu Azərbaycan xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Kitabxanaçı Ramilə Əliyeva