Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Arxiv
24 Aprel , 2015

Dünyanın bir çox ölkəsində mütaliənin təbliğ olunması üçün təşkil olunmuş, Rusiya Federasiyasının bir neçə mötəbər müsabiqələrinin laureatı adını qazanmış “Canlı klassika - 2015” adlı gənc qiraətçilərin III Beynəlxalq bədii qiraət müsabiqəsi 1 fevral-12 iyun tarixlərini əhatə edir. Hələ 2014-cü ildə bu böyük maştablı müsabiqədə dünyanın 25 ölkəsindən 2.5 milyondan artıq yeniyetmə iştirak etmişdir. 2015-ci ildə layihəyə 84 ölkənin nümayəndəsi qatılıb. Hər il layihənin münsiflər heyətinin tərkibinə Rusiya Federasiyasının müxtəlif mədəniyyət və incəsənət xadimləri, yazıçılar və məşhur teleaparıcılar daxil edilmişdir. Müsabiqə hər il KİV-də böyük maraq doğurur və geniş şəkildə işıqlandırılır. 

Azərbaycan bu müsabiqədə 2013-cü ildən iştirak edir.Beynəlxalq müsabiqənin Bakı şəhəri üzrə yerli seçim mərhələsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları iştirak edirlər. Müsabiqəyə fevral ayından start verilib və iyun ayında Rusiya Federasiyasının Moskva şəhərində super final mərhələsi baş tutacaq.

Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi, mütaliə-billik dairəsinin genişləndirilməsi, ailə qiraət ənənəsinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə müasir rus dünya ədəbiyyatına marağın artırılması, eyni zamanda rus dili və rus mədəniyyətinin təbliğidir. 

Nəzərinizə çatdıraq ki, müsabiqəyə əvvəldən seçim edilmədən həvəsi olan hər kəs qatılmışdır. İştirakçıların çıxışları 10 ballıq qiymət sistemi ilə dəyərləndirilir.

Müsabiqə seçim və final mərhələsindən ibarətdir. Müsabiqədə Bakı şəhərində yerləşən orta məktəblərin rus şöbəsində təhsil alan 6-cı sinif şagirdləri iştirak etmişlər. Hər bir Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və onun filiallarının yerləşdiyi ərazi üzrə fevralın 1-dən martın 1-nə qədər müsabiqənin birinci turu keçirilib və iştirakçılar arasında seçilən 1 nəfər 2-ci turda iştirak etməsi üçün MKS-ə təqdim edilib. MKS-lər arasında 1 mart-1 aprel tarixlərində müsabiqənin 2-ci turu keçirilib. 2-ci turun qalibləri müsabiqənin milli final mərhələsində çıxış etmək hüququ qazanıblar. 

Bakı şəhəri üzrə müsabiqənin final mərhələsi 23 aprel Binəqədi Mərkəzi Mədəniyyət evində baş tutdu.

Final mərhələsində iştirak etmək hüququ qazanmış 27 nəfər iştirakçıdan 3-ü (Səbail rayon MKS-nin oxucusu-Mustafayeva Svetlana Ağa qızı, Nizami rayon MKS-nin oxucusu-Rüstəmov Fərhad Samir oğlu, Binəqədi rayon MKS-nin oxucusu Əhmədov Nicat Şahmar oğlu) seçilərək beynəlxalq onlayn final mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, 15 may tarixinə qədər beynəlxalq onlayn final mərhələsi həyata keçiriləcək və ölkəmizi təmsil etmək üçün seçilmiş oxucular iyun ayında Moskva şəhərində baş tutacaq “Canlı klassika - 2015” müsabiqəsinin super finalında iştirak edəcək. Nəzərinizə çatdıraq ki, super final mərhələsində bütün iştirakçı ölkələri təmsil edən 20 namizəd çıxış edəcək. Finalda ən çox bal toplamış 3 namizəd qalib elan edilərək, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Xatırladaq ki, keçən il beynəlxalq müsabiqədə Azərbaycan iştirakçılarından Emil Zeynalov müsabiqədəki yaxşı çıxışına görə qızıl medal ilə, digər iştirakçılar Qaşqay Cənnət Camal qızı və Arıxova Nəzrin Emin qızı isə qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar.