Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Arxiv
7 May , 2015

 Mayın 6-da “Filarmoniya bağı”nda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı-2015” adlı tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək, artıq ənənəyə çevrilmiş bu bayramın hər il paytaxtımızın kitabsevərlərinin böyük marağına səbəb olduğunu, onlar tərəfindən sevinclə qarşılandığını bildirdi. 

Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Vilayət İsmayılov, Milli Kitabxananın direktoru Kərim Tahirov, C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqov və başqaları kitab bayramının hər il keçirilməsinin vacibliyindən danışıb, cəmiyyətdə mütaliəyə olan marağın artırılması üçün kitab bayramlarının böyük rolu olduğunu vurğulayıblar.

Belə layihələrin həyata keçirilməsində məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.

“Kitab bayramı-2015” çərçivəsində “Filarmoniya bağı”nda 22 tanınmış nəşriyyatın kitabları sərgilənib. Tədbirə dəvət olunan nəşriyyatlar- "Qanun", "Qələm", "İpək yolu", "Hədəf" , "Əli və Nino", "Akademiya" kitab mağazaları, "Alo" kitab evi, "Kitabevim.az" satış mərkəzi və digərlərinin Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərini nümayiş etdiriblər.

Tədbirdə qeyd olunub ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Moskvada nəfis tərtibatla nəşr edilmiş 126 müəllifin 309 adda rus dilində kitabı paytaxtımızın kitabxanalarına hədiyyə edilib. Onların sırasında oxucuların dərin hörmət bəslədiyi Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Anar, Çingiz Abdullayev, Fyodor Dostoyevski, Stefan Sveyq, Etel Lilian Voyniç, Stiven Kinq, Paulo Koelyo, Şarlotta Bronte və bir çox digər dünya şöhrətli müəlliflərin kitablarının adlarını qeyd etmək olar.

“Kitab bayramı-2015” çərçivəsində “Canlı klassika-2015” gənc qiraətçilərin beynəlxalq bədii qiraət müsabiqəsində iştirak etmək üçün milli seçim mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin oxucusu Svetlana Mustafayeva, Nizami rayonundan Fərhad Rüstəmov, Binəqədi rayonundan Nicat Əhmədov qalib seçiliblər. Müsabiqənin beynəlxalq onlayn final mərhələsi mayın 15-dək həyata keçiriləcək və qaliblər iyun ayında Moskvada keçiriləcək “Canlı klassika-2015” yarışmasında ölkəmizi təmsil edəcəklər.

Tədbirdə həmçinin açıq havada Bakı Uşaq Teatrının narkomaniya ilə mübarizə mövzusunda hazırladıqları səhnələr və Balaxanı qəsəbə Mədəniyyət evinin Kukla Xalq Teatrının müxtəlif tamaşaları nümayiş etdirilib.

“Kitab bayramı - 2015” çərçivəsində bir çox tanınmış- Çingiz Abdullayev, Elxan Elatlı və digər yazıçılarla imza mərasimi də keçirildi.