Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Rayon haqqında
15 Oktyabr , 2015

Respublikamızın paytaxtı Bakı şəhərinin mərkəzi və ən qədim rayonu olan Səbail rayonu Xəzər sahili boyunca yerləşir. Səbail rayonu Nəsimi, Yasamal və Qaradağ rayonları ilə həmsərhəddir. Ərazisi – 29 kv.km Əhalisi – 95638 nəfər (2013-cü il). Rayonda 9.207 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda 2 qəsəbə (Badamdar və Bibiheybət), 2 sahə inzibati ərazi dairəsi (1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi) və 3 bələdiyyə (Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri) mövcuddur. Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə “Bayıl- Bibi-Heybət”, 1931-ci ildən “Stalin”, 1960-cı ildən isə “26 Bakı Komissarları” adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları – Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, o cümlədən əsas güc nazirlikləri – Daxili İşlər, Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri, Dövlət Komitələri, ölkədə fəaliyyət göstərən 13 xarici dövlətin səfirlikləri, bir sıra beynəlxalq təşkilatlar və şirkətlərin ofisləri də məhz Səbail rayonunun ərazsində yerləşir. Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan “Şəhidlər Xiyabanı” və “Fəxri Xiyaban”, Heydər Əliyev Fondu, UNESKO-nun “Dünya İrs siyahısına salınmış İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu, unikal mədəniyyət incisi olan Muğam Mərkəzi və “Üns” yaradıcılıq mərkəzi, habelə bir sıra istirahət və gəzinti obyektləri, o cümlədən “Fəvvarələr Meydanı”, Nizami küçəsi və küçənin əhali arasında “Torqovaya” adlandırılan hissəsi, Dənizkənarı Milli Bulvar, “Azadlıq meydanı”, Bakı Funikulyoru rayonunun ərazisindədir. Rayonda 6 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 18 orta təhsil müəssisəsi, 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 24 səhiyyə müəssisəsi, 1 idman kompleksi, 48 mehmanxana fəaliyyət göstərir. Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi Səbail rayonunda fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə ucaldılmış heykəl və büstlər, 3 park və 12 istirahət bağı vardır. 2010-cu ildə istifadəyə verilmiş Dövlət Bayrağı Meydanı da Səbail rayonu ərazisindədir. Rayon ərazisində iqtisadiyyat sahəsi üzrə 867 dövlət və qeyri-dövlət müəssisələri, firma, şirkət və kiçik müəssisə, bir çox xarici şirkətlər fəaliyyət göstərir. Onlar rayonun sənaye potensialının əsasını təşkil edir. Bu gün Səbail rayonunda 4 məscid, 1 ibadət yeri fəaliyyət göstərir.