Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Haqqımızda
1 Dekabr , 2015

Kitabxana xalq, millət, cəmiyyət  üçün  müqəddəs bir  yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona  görə  də  kitabxanaya  daimi  hörmət, xalqımızın  mədəniyyətini  nümayiş  etdirən  amillərdən  biridir.

                                                                                                  Heydər   Əliyev

Cəmiyyətin  sosial  strukturunda  mühüm  yer  tutan kitabxanalar sivilizasiyanın  əsas atributlarından  biri  kimi  həmişə  mədəniyyətin  ayrılmaz  tərkib  hissəsi, kommunikasiya  sisteminin  əsas  naqillərindən  biri  kimi  fəaliyyət  göstərmiş, bəşər  mədəniyyətinin  hərtərəfli  inkişafına  xidmət  etmişdir.

Azərbaycanda  kitabxana  işinin  inkişafı  və  tərəqqisində  respublikanın  paytaxtı  Bakı  şəhərinin  rolu  böyük  olmuşdur. XX əsrin  əvvəllərində  Azərbaycanda  xalq  maarifinin, mədəniyyətin, mətbuatın, kitab  nəşrinin inkişafı  üçün  əlverişli  şərait yaranmışdı. Mədəni-maarif müəssisələrinin - qiraətxanaların, kitabxanaların, klubların  təşkili  kütləvi  hal  almışdı.

1918-ci il  Azərbaycanın  dövlət  müstəqilliyi  elan  olunduqdan  sonra  mədəni  quruculuq  sahəsində  bir  çox   islahatlar  həyata  keçirildi. 1920 –ci  ildə  respublikada  ən  azı  400-ə  yaxın  məktəb  kitabxanası  və 50-yə  xalq   kitabxana-qiraətxana  olmuşdur.

Ölkədə  əhaliyə  kitabxana  xidmətinin  təşkilinə  xüsusi  diqqət  yetirən  dövlət  həm  mövcud  kitabxanların, həm  də  yeni  təşkil  edilmiş  kitabxanaların  kitabla  təchizini  ardıcıl  olaraq  yerinə  yetirmək  məqsədilə 1918-ci ilin avqustunda   Kitabxana  Kollektoru  yaradılması  haqqında  qərar qəbul etdi. Kitabxana  Kollektoru  Xalq  Maarif  Nazirliyinin  yanında   fəaliyyət  göstərirdi. Kollektorun  əsas  vəzifəsi  müxtəlif  mağazalardan, təşkilatlardan, şəxslərdən  kitablar  alıb  kitabxanalar  arasında  bölüşdürmək idi. Kollektorun  azərbaycan, rus və xarici  dillər  şöbəsi  var  idi. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  hökümət  kitabxana  işini  inqilabi  yolla  yenidən  qurmağa  başlayır. Bu  zaman  kitabxana  işinə  dövlət  rəhbərliyini  Azərbaycan  Xalq  Maarif  Komissarlığı  həyata  keçirirdi. 1920 -ci  ildə  Xalq  Maarif  Komissarlığı  kitab  məhsullarını  respublika  kitabxanaları  arasında düzgün bölüşdürmək və kitabxanaların komplektləşdirilməsini  mərkəzləşdimək  məqsədilə  Mərkəzi  Kitabxana  Kollektoru   təşkil etdi. Mərkəzi  Kitabxana  Kollektoru  1922-ci  ilin  mart  ayında  müvəqqəti  ləğv  olunur, lakin həmin  ilin  iyul  ayında  yenidən  bərpa  edilir.

1924-cü il iyun  ayında Moskvada  kitabxana işçilərinin I qurultayı keçirildikdən  sonra Mərkəzi Kitabxana Kollektoru müəssisələrdə səyyar kitabxanalar təşkil etmək işini  genişlənməyə başladı.

İlk  səyyar  kitabxanalar  Kollektor  tərəfindən  1924- cü  ilin  oktyabr  ayında 

“Qırmızı  oktyabr”  mebel  fabrikində, Volodarski adına  tikiş  fabrikində, “”Qırmızı  Oktyabr”  tütün  fabrikində, sonralar  isə  bir sıra  başqa  yerlərdə  təşkil  edildi. Sonralar  Bakı  Xalq  Maarif  Şöbəsinin  Kitabxana  Kollektoru  Mərkəzi  Səyyar  Kitabxana  Fonduna  çevrildi.

1936- cı  ildə  MKSF-yə  rus  yazıçısı  Maksim  Qorkinin  adı verilir.

Böyük  Vətən  müharibəsi  dövründə  kitabxananın  fəaliyyəti  daha  məhsuldar  idi. Səyyar  məntəqələrə   daha  çox   vətənpərvərlik  ruhunda, xalqımızın  keçmiş  qəhrəmanlıqları  haqqında  kiçik  həcmli  şeir  və  hekayələrdən  ibarət  kitablar  gətirilirdi. Müharibə  illərində  Bakının  bütün  kitabxanaları  kimi M.Qorki  adına  kitabxana  da  geniş  zəhmətkeş  kütlələri  ilə  yanaşı, bilavasitə  döyüşən  orduya  da  xidmət  edirdi. Kitabxana  orduya  çağırılmış  keçmiş  oxucularla  əlaqə  saxlayır, onlara  kitab  göndərirdi.

 1941-ci  il  iyul  ayının  25-də  Azərbaycan  Bakı   Komitəsinin  göstərişi  ilə  Bakı  şəhərində  M.Qorki  adına Səyyar  Kitabxana  Fondu  yanında  hərbi  xəstəxanalara  xidmət  etmək  məqsədilə  xüsusi  fond  yaradıldı. Bu  fondun  əsas  məqsədi  hərbi  qospitallarda  səyyarlar  təşkil  etmək  və  qospitallarda  mövcud  olan  səyyarları  kitabla  təmin etmək  idi.

M.Qorki  adına  kitabxananın  səyyar  məntəqələrinin  sayı  1940-1944- cü  illərdə  iki  dəfədən  çox  artaraq  84-dən  173-ə  çatdırılmışdı.

1950-ci  ildə  M.Qorki  adına  Səyyar  Kitabxanada  yalnız  qadınlara  məxsus  abonement  və  lektoriya  təşkil  edilmişdi. Kitabxananın  nəzdində  uşaq  otağı  da  yaradılmışdı. Analar  kitabxanada  məşğul  olduqları  müddətdə  burada  onların  uşaqlarına  qayğı  göstərilirdi.

Azəri  qadınları  arasında  savadsızlığı  ləğv etmək  işində MSKF təqdirəlayiq  işlər  görmüşdür. Həmin məqsədlə  burada “Mütaliə  edən  qadınlar”  adlı  dərnək  yaradılmışdı.

Respublikada “açıq  rəf”  üsulu  ilk  dəfə 1959- cu  ildə  M.Qorki  adına  MSKF-də tətbiq  edilmiş, kitabxanalarda  ilk Mədəniyyət Universiteti 1961-ci ildə burada  yaradılmışdır. Bu işdə  yazıçı  və  şairlərdən  Adil Babayev, Xəlil Rza, Əkrəm Cəfər, teatr  tənqidçisi  Cabir Səfərov, sənətşünas  İnqilab  Kərimov, sənət  ustalarından  Atamoğlan  Rzayev, bəstəkarlardan  Şəfiqə  Axundova və  başqaları  yaxından  iştirak ediblər.

A.Qurbanov, A.Rzayev, S.Hacıyeva, İ.Qafqazlı, İ.Dağıstanlı, L.Bədirbəyli, H.Salayev, F.Şərifova, Ə.Kərim, N.Həsənzadə, R.Zəbioğlu, M.İbrahim, Ş.Ələkbərova, H.Əliyev, Ə.Bədəlbəyli, R.Əfqanlı və  bir  çox dəyərli  sənətkarlarımız  M.Qorki  adına  MSKF-də fəaliyyət  göstərən  Mədəniyyət  Universitetində təşkil  olunan  mühazirə  və  konsertlərin, ədəbi-bədii gecələrin daimi iştirakçıları  olublar.

Hər  zaman  olduğu  kimi  kitabxana  bu  gün  də  müntəzəm  surətdə  inkişaf  edir. 2005-ci  ildən  başlayaraq  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə kütləvi  nəşrlərin  həyata keçirilməsi  haqqında” 12  yanvar  2004-cü il  tarixli  sərəncamı  ilə  nəşr  olunmuş ədəbiyyatla  kitabxananın fondu xeyli zənginləşdirilmişdir..

Kitabxanada  keçirilən  tədbirlər, yazıçılarla, mədəniyyət  və  incəsənət  xadimləri  ilə  görüşlər  ədəbiyyatın  təbliğində  mühüm  rol  oynayır.

Bakı  Şəhər  Mədəniyyət  və  Turizm  İdarəsinin  2008-ci ildə müxtəlif  nominasiyalar  üzrə  keçirdiyi  müsabiqədə  M.Qorki  adına  MSKF  Bakı  şəhər  kitabxanaları  içərisində  ən  fəal  kitabxana kimi  diploma  layiq  görülüb.

2009-cu  ildən M.Qorki adına  MSKF-də  kitabxana  işinin  ən  vacib  sahəsi  olan  elektron  kataloqun  tərtibinə  başlanmış, həmin  ilin  fevral  ayında  isə  M.Qorki  adına Mərkəzi  Səyyar  Kitabxana  Fondunda  İnformasiya  Mərkəzi  açılmış, kitabxananın saytı sabail-mks.az və elektron kataloq istifadəçilərin ixtiyarına verilmişdir. Mərkəzin  yaradılması  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  6 oktyabr  2008-ci  ildə  imzaladığı  “Azərbaycan  Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013–cü illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”  çərçivəsində  həyata  keçirilib.

2011-ci il yanvarın 1-dən M.Qorki adına MSKF Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası  kimi  fəaliyyət göstərir. 

Hazırda  kitabxanada Oxuculara xidmət  şöbəsi (abonement, oxu zalı), Uşaq şöbəsi, Kitabişləmə və komplektıəşdirmə, Metodika və biblioqrafiya, İnformasiya-resurs, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması  şöbələri  fəaliyyət  göstərir.

Səbail  rayon  MKS-nin  kolektivi bu  gün  də  böyük  həvəslə  və məsuliyətlə  çalışır, oxuculara  layiqincə  xidmət  edir. Səbail rayon MKS-nə rəhbərliyi Nüşabə  xanım Ələkbərova həyata keçirir. Çalışdığı  ilk  gündən  N. Ələkbərova  kollektivin  rəğbət  və  hörmətini  qazanmış, kitabxananın  inkişafı  üçün   əlindən  gələni  əsigəməmişdir. Kitabxananın  bugünkü  səviyyəsinin  qorunub  saxlanılmasında  Nüşabə  xanımın  böyük əməyi vardır.  Dərin  elmi  biliyə, istedada  malik olmaq  ozü  də bir  Tanrı  vergisidir. Bu  istedaddan  yetərincə  istifadə etmək, elmin  zirvələrini  fəth  etmək, insanların, cəmiyyətin  rifahı  naminə  ali məqsədlər  uğruna  mübarizə  aparmaq  da elə  allahın  sevdiyi, seçib  dəyərləndirdiyi  insanlara  məxsusdur. Ulu  tanrımızın  yüksək qiymətləndirdiyi ziyalılarımızdan  biri  də  məhz  Nüşabə  Ələkbərovadır. Onun  rəhbərliyi  altında  kitabxana  dinamik  inkişaf  dövrünü  yaşayır.  Burada  keçirilən  müxtəlif  tədbirlər,  yazıçı  və  şairlərlə   görüşlər, onların  yubiley   gecələri   kitabxananın   fəaliyyətini  daha da  zənginləşdirir, rəngarəng  edir, ictimaiyyətlə  əlaqələri  möhkəmləndirməyə  imkan  verir  və  gənc  nəslin  mütaliəyə  marağını  daha da  artırır. Kitabxana Mədəniyyət  və  Turizm  Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı  Şəhər  Mədəniyyət  və  Turizm  İdarəsinin təşkilatçılığı  ilə keçirilən  tədbirlərdə  yaxından  iştirak edir.

2009-cu  ildən başlayaraq  keçirilən  “Kitabla  dost, ən  fəal  oxucu  ol” müsabiqəsinin mükafatlandırma  mərasimi, hər  il  ənənəvi  olaraq təşkil  olunan  “Kitab  bayramı”, Müstəqilliyimizin  bərpasının  20-ci  ildönümünə  həsr  olunmuş  kitab  sərgisi, “Norkamaniyaya  yox  deyək “ adlı  aksiya, Şuşanın 20-ci  ildönümünə  həsr  olunmuş  oxucu  konfransı, H.Cavidin  anadan  olmasının 130  illiyi, N.Gəncəvinin  yubileyi  ilə  bağlı  “Nizami  və  Azərbaycanşünaslıq” mövzusunda  elmi  konfrans   və  bu və ya  digər  əlamətdar  hadisələrlə  bağlı  xüsusi  günlər  kitabxana  fəaliyyətinin  müsbət  göstəricisidir. Kitabxanaya olan  dövlət  qayğısı, onun  fəaliyyətinə  verilən  dəyər   kollektivi  daha da ruhlandırır, onları  yeni-yeni  ideyalar  axtarışına çağırır. Buna  misal  olaraq  Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində keçirilən “2012-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2  nominasiya  üzrə - “Ən  fəal  kitabxana” və “Ən fəal kitabxanaçı” fəxri  adlarına  layiq görüldü.

Mədəniyyətin  bir  qolu  olan  kitabxanalar  xalqın maariflənməsinə, mütaliə  mədəniyyətinin  formalaşmasına, dünyagörüşün  genişlənməsinə  xidmət  edir. Kitabxanalar  əhalinin  bütün  təbəqələrinə  informasiya  xidməti   göstərən  yeganə  sosial  institutdur. Kitabxana-informasiya  şəbəkəsinin  inkişafı  isə  əhalinin  mədəni  səviyyəsinin  yüksəlməsinə, onların  informasiyaya  olan  tələbatının  ödənilməsinə imkan  yaradır. Hazırda  əhalinin  mütaliəyə  cəlb  edilməsi, onlarda  kitaba  maraq  yaratmaq  hər  bir  kitabxananın  qarşısında duran  ən  vacib  vəzifələrdən  biridir.