Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tarixdən bir gün
10 Dekabr , 2013

Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq şairi Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Xırdalan qəsəbəsində yoxsul kəndli ailəsində anadan olmuş, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. 1942-43-cü illərdə ordu sıralarına çağırılmış, lakin xəstəliyinə görə tərxis edilmişdir. 1943-45-ci illərdə “Kommunist”qəzeti redaksiyasında redaktor, Azərbaycan radio komitəsində diktor, 1945-1947-ci illərdə “Vətən uğrunda” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1953-cü illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdır.
“Çiçəklənən arzular” adlı ilk kitabı,”Bakı şəhəri”,”Salxım söyüdlər”,” Kim məni xatırlasa”,” Dəniz,göy, məhəbbət”, ”İllər və sahillər”, ”Dərələr”, ”Ulduz karvanı” lirik şerlər kitabları 1950-1979-cu illərdə nəşr edilmişdir.

Şairin yaradıcılığında Vətən, Ana, Sevgi kimi müqəddəs, bəşəri mövzular sənətkarlıqla işlənmişdir. Nəbi Xəzrinin qələmində bu müqəddəs mövzular özünəməxsus şəkildə səslənir. O, anaya, övlada, ailəyə qeyrətli Azərbaycan oğlu kimi bağlıdır.
Buna misal olaraq “Təmiz ürək”, ”Dağlar dağımdır mənim”, “Günəşin bacısı”, “İki Xəzər”, “Əfsanəvi yuxular”, “Mənim babam baxan dağlar”,”Bacı”,”İnam” poemalarını göstərmək olar.

Nəbi Xəzri illər boyu tutqun oldu, ancaq ata kimi, oğul kimi sınmadı.Yazdı yaratdı. “Günəşinin bacısı”- Sevili, “Ana”-nı ədəbiyyatımıza gətirməklə paklığa, məsumluğa və qəhrəmanliğa əbədiyyatdan ölməzlik aldı.
Nəbi Xəzrinin geniş yaradıcılığı ədəbi şəxsiyyət kimi həyatımızın sürətli inkişafı ilə həmahəngdir.Şairin əsərləri dəfələrlə yüksək mükafatlara layiq görülmüş, Moskvada və uzaq-uzaq şəhərlərdə ədəbi ictimaiyyətin ona diqqətəlayiq ehtiramı vardır.
N.Xəzri yaradıcılığı şerimizin uca zirvələrdən biri olmaq etibarı ilə çoxmilyonlu oxucu auditoriyasına bədii estetik nüfuzu ilə fərqlənir.

Qovuşub dağların küləklərinə, 
Qayadan hünərlə qalxmaq yaxşıdır.
Min dəfə zirvəyə baxmaq yerinə, 
Bircə yol zirvədən baxmaq yaxşıdır.


Nəbi Xəzri 17 yanvar 2007-ci il tarixində, Bakı şəhərində vəfat etmişdir.