Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Tarixdən bir gün
10 Dekabr , 2013

“Sənətkar üçün vacib olan bir neçə amil var. Bunlardan ən başlıcası istedad, məsuliyyət və zəhmətdir. Bu keyfiyyətlər də Gülxar xanımda üstünlük təşkil edirdi. Odur ki, o, nümunəvi bir sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla bir yerdə çalışmaq mənə nəsib olub. M.Maqomayevin “Şah İsmayıl” operasında mən Şah İsmayıl, o isə Ərəbzəngi rolunda çıxış etmişik. Gülxar xanım bu obrazı o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə olduğumu unudub onun sənətinin sehrinə dalaraq az qala tamaşaçıya çevrilirdim. Bu obraz ona çox yaraşırdı. Unudulmaz sənətkarımız Həqiqət Rzayevadan sonra Ərəbzəngi obrazının ən mahir ifaçısı məhz Gülxar Həsənova idi. İllər keçdikcə mən ona baxıb düşünürdüm, heyf ki, səhnəmizin Ərəbzəngisi qocalır. Görən onu kim əvəz edəcək? Amma açığını deyim ki, doğrudan da hələ ki Gülxar xanımı xatırladan Ərəbzəngi yoxdur. Onun bütün keyfiyyətləri gözəl və səmimi idi. Xüsusən də sənət dostlarından bilik və bacarığını əsirgəməzdi. Gülxar Həsənova lazım gəldikdə gənc ifaçılarla hətta evində məşğul olurdu. Bunu sənətimizin inkişafı naminə edirdi. Odur ki, Gülxar Həsənova bu gün yaddaşlarda mahir bir sənətkar və gözəl insan kimi qalıb”.
Hər bir sənətkar özünəməxsus cəhətləri ilə yaddaşlarda qalır. Bu mənada görkəmli opera müğənnisi, aktrisa Gülxar Həsənovanı da unudulmaz edən məlahətli səsi və bənzərsiz sənətkarlığı idi.

Gülxar İbrahim qızı Həsənova 1918-ci il dekabrın 10-da Bakıda anadan olub. Səhnə fəaliyyətinə gənc yaşlarından başlayıb. 1936-1942-ci illərdə Gənc Tamaşaçılar Teatrının solisti olub. Səhnədə yaratdığı obrazlarla diqqəti cəlb edən Gülxar Həsənova dahi Üzeyir bəyin də gözündən yayınmır. Tamaşaların birində gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edir. Beləliklə, Gülxar Həsənovanın sonrakı səhnə fəaliyyəti Opera və Balet Teatrında davam edir.
Müğənni bu teatrda milli opera sənətinin inkişafına mühüm töhfələr verib. Bütün milli operalarımızda əsas rollarda çıxış edib. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və sonralar Leylinin anası, “Əsli və Kərim”də Əsli, “Koroğlu”da xanəndə qız, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanım, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, ifa tərzi var. O, bu obrazların hamısını sevə-sevə yaradıb. Amma iki obraz - Leyli və Ərəbzəngi onun yaradıcılığında xüsusi yer tutur.
Böyük sənət eşqi ilə yaşayan Gülxar Həsənova soprano səs tembri ilə səhnədə parlaq koloritli obrazlar yaratdı, muğam, xalq mahnı və təsniflərimizi xüsusi gözəlliklə ifa edərək onların da əbədiyaşarlığında mühüm rol oynadı. Gülxar Həsənova bu cəhətləri ilə öz üslubunu yaradaraq səhnəyə yeni qədəm qoyan neçə-neçə gənclərə də yol göstərib, onlardan öz bilik və bacarığını əsirgəmədi. 

Gülxar Həsənovanın sənəti bugünkü nəsil üçün də bir örnəkdir. O, öz səsi və ifaçılıq xüsusiyyətləri ilə həm zamanında, həm də bu gün qiymətləndirilir. Belə ki, onun sənəti sağlığında Xalq artisti (1982) fəxri adına və digər mükafatlara layiq görülüb. 2005-ci ildə dünyasını dəyişən Gülxar Həsənovanı əbədi yaşadan isə ona olan böyük xalq məhəbbətidir. 

Hazırladı: Babaşova Şəbnəm