Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
14 Aprel , 2019

Alı Mustafayev 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində doğulmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub, Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə “Elektrik” qəzetində tez-tez maraqlı yazılarla, şerlərlə çıxış edirdi. Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur.1981-ci ildə təhsilini başa vurub, Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görülür. O, işləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Alı Mustafayev “Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri idi. O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.

Alı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.

Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb.

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.

20 noyabr 1991-ci il... Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökumət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu və faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Alı Mustafayev Lalə xanım Mustafayeva  ilə ailə həyatı qurmuşdur. Onun üç övladı var.

Alı Mustafayevə ölümündən sonra  Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 14 aprel 2017-ci ildə əməkdar jurnalist,Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılışı olmuşdur.