Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
13 Aprel , 2019

Ramiz Həsənoğlu aprelin 13-ü 1946-cı ildə İrəvan şəhərində, əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevlə, milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun(indiki Azərbaycan Dövlət İncəsənət Universitetinin) mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.

Anarın pyesləri əsasında “Mən, sən, o və telefon”, “Dindirir əsr bizi”, “Ötən ilin son gecəsi” teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur.

Ramiz Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları “Qatarda” televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı “Topal Teymur”dur. “Günahsız Abdulla” və ilk Azərbaycan telemüzikli “Ordan-burdan” ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz “Ac həriflər” televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa “Humay” mükafatına layiq görülmüşdür.

1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.

Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Ramiz Həsənoğluna 1989- cu ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adı, 2006-cı ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adları verilmişdir.

R.Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkmişdir.

2015-ci ildə “Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.

2019-cu ildə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib.