Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
14 Aprel , 2019

Nəriman Nəcəf oğlu Nərimanov 1870 – ci il aprelin 14- də Tiflis şəhərində anadan olmuşdur.O, 1890 – cı ildə Qori seminariyasını bitirərək elə həmin il Tiflis Quberniyası Borçalı qəzasının Qızıl Hacılı kənd məktəbində pedaqoji fəaliyyətə başlayır. Lakin gələcək ədib və dövlət xadiminə yalnız bir tədris ili işləmək müəssər oldu. Maddi imkan ucbatından məktəb bağlandı. Nəriman Nərimanov Bakıya getməli oldu. O zamankı Azərbaycan kəndinə məxsus olan cəhətlər- savadsızlıq və fanatizm, hüquqsuzluq və dözülməz istismar məhz bu kənddə bütün dəhşəti ilə N. Nərimanovun gözü qarşısında canlandı və çox sonralar özünün yazdığı kimi “bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək” fikri onda ilk dəfə həmin kənddə yarandı. Qızılhacılıda dərs dediyi müddət “Nadanlıq” əsərini qələmə almağa başlamışdır. 

N.Nərimanov 1891-ci ildə Bakı şəhərinə köçür və burada əməli pedaqoji fəaliyyətilə məşğul olur, bazar günü məktəblərində və axşam kurslarında dərs deyir. Daha sonra o, böyük pedaqoq S. M. Qənizadənin köməyi ilə A.İ. Pobedanostev 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilir, 5 ildən sonra isə çoxdankı arzusuna çatır, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyasını təşkil edir. Bu məktəblərdə ancaq Daxili İşlər Nazirliyinin razılığı olan şəxslər işləyə bilərdilər. 
      1894- cü ildə N.Nərimanov Azərbaycan ziyalılarının qabaqcıl dəstəsinin yaxından iştirakı ilə Bakıda ilk milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyur.
      N. Nərimanovun təşkil etdiyi bu qiraətxana – kitabxanada oxucuların sayı digər şəhərlərdəki kitabxana – qiraətxanalara nisbətən xeyli çox idi.
     1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olur və burada inqilabı işlə məşğul olur, fəhlə və tələbə hərəkatının fəal rəhbərlərindən biri kimi məşhurlaşır. 1905-ci il inqilabı günlərində N.Nərimanov Odessada ilk inqilabi sınaqdan keçir və həmin ildə “Hümmət” partiyasına daxil olur.
    I Rus inqilabı dövründə universitetdə oxuyan tələbələr inqilabi hərəkatda iştirak etdiklərinə görə çar hökuməti universiteti müvəqqəti olaraq bağladığı üçün N. Nərimanov Bakıya qayıdır. Daha sonra Universitetə qayıdaraq 1908-ci ildə təhsilini başa vurub Bakı şəhər xəstəxanasında həkim işləyir. 1909 — cu ilin əvvəllərində geniş ictimai – siyasi və inqilabi fəaliyyətə başlayır. Həmin ilin fevralında çar hökuməti tərəfindən nəzarətə alınan N. Nərimanov 1909-cu il martın 1- də Tiflisdə həbs olunur. 7 ay Metex qalasında saxlandıqdan sonra oktyabr ayında 2 il müddətinə Qafqazdan xaricə, Həştərxana sürgün edilir. 

N. Nərimanov sürgündə olarkən xeyli yerli “Bürhani – tərəqqi”, “Astraxanski listok”, “Astraxanski kay”, “Astraxanski vestnik” və b. qəzetlərdə çoxlu məqalələrlə çıxış edir, inqilabi və həkimlilik fəaliyyətini davam etdirir. 5 illik sürgün həyatını başa vurduqdan sonra, 1913 – cü ildə Bakıya qayıdan N. Nərimanov “Bəsirət”, “Açıq söz”, “İqbal”, “Yeni inqilab” qəzetlərində qiymətli məqalələr dərc etdirir.N. Nərimanov 1917- ci ildə bolşevik “Hümmət” təşkilatının sədri, həmin təşkilatın eyni adlı qəzetinin redaktoru olmuşdur və bolşeviklərlə birlikdə Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda mübarizə aparmışdır.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.

1918-ci il iyun ayında N. Nərimanov ağır xəstələnir və Bakı kommunasının tapşırığı ilə müalicə üçün Həştərxana göndərilir. Onun müalicəsi başa çatanda artıq Bakı kommunası devrilmişdi. Odur ki, Həştərxanda qalıb fəaliyyətini davam etdirir.

N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N. Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1920 – ci il may ayının 16 – da Bakıya gələn N. Nərimanov əvvəlcə müvəqqəti Hərbi inqilab komitəsinin, sonra İnqilab Komitəsinin və Azərbaycan hökumətinin sədri olmuşdur. N. Nərimanov görkəmli ictimai-siyasi və dövlət xadimi idi. O, 1920-ci il sentyabrın 12-də Şərq xalqlarının Bakıda keçirilən birinci qurultayının çağırılmasının fəal təşəbbüsçüsü və təşkilatçısı olmaqla bərabər, Bakıda I türkoloji qurultayın çağırılmasında da böyük rol oynamışdır.

       Nəriman Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvanı və Dərbəndi itirmişdi. Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. 1921-ci ildə Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin Nəriman Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə bu qərar ləğv olundu. Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı.

Nəriman Nərimanovun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala da Azərbaycanın tərkibində qaldı. Bakı Azərbaycanın paytaxtı kimi tanındı. Lakin o, Zəngəzurun Azərbaycandan alınmasının qarşısını ala bilmədi. Nəriman Nərimanov milli-mənəvi dəyərləri yüksək qiymətləndirir və qorumağa çalışırdı. O, məscidlərin dağıdılmasının, din xadimlərinin təqib olunmasının qarşısını alırdı.

Ədəbiyyatçı kimi Azərbaycan milli romanının (“Bahadır və Sona”) və ilk tarixi faciənin (“Nadir şah”) banisidir.Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.

O, 1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilir. N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.