Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
16 Aprel , 2019

Mirişli Ramiz Aqil oğlu 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.

Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.

Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar - "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar” və s. sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1974-cü ildə), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982-ci ildə), Azərbaycan Respublikasının xalq artisti (1990- cı ildə), professor (1993-cü ildə) fəxri adlarına layiq görülmüşdür.Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə R. Mirişli müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifidir. 30-a yaxın filmə musiqi bəstələyib.

Ramiz Mirişli 2015-ci il aprelin 17-si Bakıda vəfat etmişdir.