Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
8 May , 2019
1992-ci il may ayının 8-nə keçən gecə işğalçı erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçmişlər. Uzun sürən artilleriya atəşindən və qeyribərabər qanlı döyüşlərdən sonra şəhər işğal olunmuşdur. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günədək məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə düşmən 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, Şuşa tarix muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişdir. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atmış: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.