Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
15 May , 2019
Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb. 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb. 

Eyni dövrdə yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Rza Əfqanlının rollarında realizmdən şirələnən romantik vüsət, poetik cazibədarlıq vardı. Zəhmli baxışları, sərt və ifadəli sifət cizgiləri ürəyəyatımlı idi, aktyor onları obrazın bədii siqlətinə uyğun tərzdə istiqamətləndirirdi. Janrından asılı olmayaraq, bütün tamaşalarda obrazın fərdi xarakterini, konfliktdə daşıdığı yükü bütövlükdə tamaşanın ali məqsədinin məhvərində təcəssüm etdirirdi. Romantik zəmində formalaşan Rza Əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayırdı və bununla da öz üslübuna yeni səpki təravəti verirdi. 

Aktyor 1938-ci il dekabrın 4-də Azərbaycan respublikasının əməkdar, 1943-cü il iyunun 17-də Xalq artisti fəxri adları ilə təltif edilib. 1948-ci ildə "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasındakı Fərhad roluna görə Stalin mükafatına layiq görülüb. 

Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

Filmoqrafiya: “Bakılılar” (film, 1938), “Kəndlilər” (film, 1939), “Yeni horizont” (film, 1940), “O olmasın, bu olsun” (film, 1956), “Aygün” (film, 1960), “İyirmialtılar” (film, 1966), “Dağlarda döyüş” (film, 1967), “Qanun naminə” (film, 1968), “Mən ki gözəl deyildim” (film, 1968), “Sevil” (film, 1970), “Min birinci söz” (film, 1997) və s.