Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
17 May , 2019
Azərbaycanın qala qapısı sayılan Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir. İşğal nəticəsində 1835 kv.kilometrlik ərazi zəbt edilmiş, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəlmiş, 65 min laçınlı doğma yurd yerlərindən didərgin düşmüşdür. 

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün yuxarı Qarabağı işğal etmişdir. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başlamışdır. Şuşa kimi Laçın da mühüm hərbi-strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düşmən mayın 13-ü və 14-də zirehli texnikalar, Mi-24 vertolyotlarının müşayiəti ilə Qayğı qəsəbəsi və Laçın şəhərini bombardman etmişdir. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni silahlı birləşmələri mayın 18-də rayonu işğal etmişdir. Laçının düşmən əlinə keçməsi müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını, Ermənistanın işğalçılıq niyyətlərinin daha böyük olduğunu göstərdi. Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr erməni təcavüzünün miqyasını daha da genişləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 1835 kvkilometr ərazi işğal olundu. 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağı dağıdıldı, talan edildi. 65 min laçınlı doğma yurdlarından didərgin düşdü. 

Bu gün respublikamızın 58 şəhər və rayonunda məskunlaşan laçınlılar dövlət qayğısı ilə əhatə olunublar. Ağcabədi rayonunun “Taxtakörpü” ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə istifadəyə verilib.