Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
17 May , 2019

Roza İsmayıl qızı Cəlilova 1929-cu il may ayının 17- də Şabranda anadan olmuşdur.1947- ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirərək, iki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışmışdır.1949- cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçmiş, 1965- ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirmiş, 1965-1975- ci illərdə isə qrupa rəhbərlik etmişdir. 1973-1983- cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xalq Yaradıcılığı Elmi-Metodik Mərkəzində baletmeyster kimi çalışmışdır.

Roza Cəlilova istedadla bərabər, Xoreoqrafiya Məktəbindən əxz etdiyi professional hazırlığı ilə səhnəyə qədəm qoyan ilk rəqqaslardan idi. Peşəkar keyfiyyətləri sayəsində rəqqasə iki il sonra sənətdə bir-birinin ardınca böyük uğurlara imza atmağa başladı. Professional rəqslə folkloru məharətlə birləşdirməsi onun şöhrətini artırdı. Lirik süjeti, bədən plastikası və kəpənək uçuşunu xatırladan zərif əl hərəkəti ilə rəqqasə hər bir rəqsində mükəmməl, bitkin bir sənət əsəri yaradırdı. Repertuarına Azərbaycan milli rəqsləri “ Bənövşə”, “ Novruzu”, “ Zərif yerişli”, “ Qaragöz”, “ Lalə”, “ Tərəkəmə”, “ Ənzəli” , həmçinin iran, hind, ərəb, benqal və b. Xalqların rəqsləri daxildir.

Rəqqasə parlaq ifaçılığı ilə yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərirdi.O, 1989-cu ildə “ Gülüstan Mahnı və Rəqs Ansamblını yaratmışdır.Yüksək professional səviyyə və tərkibinə görə “Gülüstan” ansamblı ilə bərabər, Roza Cəlilova Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “ Sevinc” rəqs ansamblına da rəhbərlik edirdi.

Hal- hazırda pedaqoji fəaliyyətlə məşğul olaraq Milli Konservatoriyasının nəzdindəki gimnaziyada tələbələrə xoreoqrafiya sənətinin incəliklərini öyrədir.

Milli mədəniyyət sahəsindəki uğurlareına görə Roza Cəlilova 1959-cu ildə “ Əməkdar artist”,2007- ci ildə isə “ Xalq artisti2 fəxri adlarına layiq görülmüşdür.O, Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olmuşdur və 1999- cu ildən Prezident təqaüdçüsüdür.

Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova Azəarbaycan milli xoreoqrafiya sənətinin görkəmli nümayəndəsidir.

AZəarbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2017- ci ildə tanınmış yazıçı- publisist Mustafa Çəmənlinin rəqs sənətimizin canlı əfsanəsi hesab olunan Roza Cəlilovanın həyat və səhnə fəaliyyətinə dair “ Səhnəmizin ağ çiçəyi “ adlı kitab çap olunmuşdur.