Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
20 May , 2019
2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısına, eyni zamanda, qloballaşmanın mənfi nəticələrinə qarşı dura bilən mədəniyyət ocaqlarıdır. Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda bayram edilir. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, Muzey işi üzrə Elmi-Metodiki Mərkəz, Muzey Ekspozisiyalarının Bədii Tərtibatı Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa Mərkəzi təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial – xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. 1994-cü ildə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “İstiqlal” Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr, “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamları, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara 173 uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”, həmçinin “Azərbaycan Xalça Muzeyinin yeni binasının madditexniki təminatı haqqında” 2013-cü il 29 dekabr tarixli sərəncamları bu sahəyə göstərilən qayğıya bariz nümunələrdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Ümummilli liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.