Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
20 May , 2019
Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından – Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb. Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri – səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Azərbaycanda metrologiya sahəsi üzrə dövlət siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Bu sahənin beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Metrologiya Xidməti yaradılıb. Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür.