Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
20 May , 2019
Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə Nuxanın Gəncəli məhəlləsində anadan olub. Uşaqlıq illərindən Salman Mümtaz elmə böyük maraq göstərib; fars və ərəb dillərini mükəmməl bilirdi. 3 ay molla yanında dərs keçmiş Salman 22 yaşınadək gecə-gündüz öz üzərində ciddi çalışıb, fars, ərəb, rus, urdu dillərinə yiyələnib, hafizəsi ilə Şərq ədəbiyyatının incilərini mənimsəyib. Salmanın qüvvətli zəkası olduğu üçün, o, bir çox şeirləri əzbərləmişdi. İslam xalqlarının dillərini bilməsi onda Şərq ədəbiyyatına qarşı maraq yaratmışdı. Dayısı Kərbəlayi Mövsümün dəzgahında ticarətlə məşğul olan Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-28-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. 1910-cu ildə Mirzə Ələkbər Sabirlə iki həftəlik ikinci görüşü onu ədəbiyyata daha da bağlayıb: Sabirin Mümtazı həvəsləndirilməsindən sonra "Molla Nəsrəddin"də onun "Xortdan bəy" imzası görünməyə başladı. Salman Mümtaz Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra klassik ədəbi irsin toplanması, nəşri və tədqiqi sahəsində fəaliyyət göstərmiş, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır. 1920-ci ildən 1925-ci ilə qədər Mümtaz, Azərbaycan ədəbiyyat və incəsənət nümayəndələrindən təxminən 200 ədəd kitab, məqalə və müxtəlif yazıçıların əlyazmalarını toplamağı bacardı. "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" başlığı altında Azərbaycan ədəbiyyatına dair məqalələr dərc etdi. Salman Mümtaz Stalin repressiyasının qurbanı olmuş, 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. 1941-ci ilin 21 dekabrında siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilmişdi. Əmrin icrasına təcili başlanıldı. Salman Mümtaz qətlə yetirildi. Ələsgərov Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi. 13 sentyabr 1996-cı ildə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı verilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Əsərləri: “Azərbaycan ədəbiyyatının qaynaqları” (1986), “Ağa Məsih Şirvani”, “Molla Pənah Vaqif”, “Nişat Şirvani”, “Qövsi”, “Qasım bəy Zakir”, “Mirzə Şəfi Vazeh”, “Seyid İmadəddin Nəsimi”, “Baba bəy Şakir”, “Aşıq Abdulla”, “Mehdi bəy Şəqaqi” və s.