Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
25 Fevral , 2015

Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Qədim Azərbaycan dövlətləri - Manna, Midiya, Atropatena və Albaniyada atçılıq geniş yayılmışdı.
Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində formalaşan məşhur Qarabağ atlarıdır. Bir çox tədqiqatlardan, müxtəlif tarixi mənbələrdən belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya atlarının nəslindən, əsas etibarilə, Nesey (Xəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) atlarından götürmüşdür.
Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolu olmuşdur. Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılırdı. Qarabağın Xan zavodlarında əsasən 4 tipə aid atlar saxlanılırdı - Maymun, Qarnıyırtıq, Əlyetməz və Toxmaq. Tipik dağ minik atı olan Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar. Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır. Atın adi yerişi saatda 8 kilometrdən çoxdur.
Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunmuş və uğurlu yerlər tutmuşdur. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan" ləqəbli Qarabağ atı yüksək mükafatlar almış, 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində Maymun gümüş, Toxmaq bürünc medala, Xan qızı Natəvanın Əlyetməz adlı atı isə attestata layiq görülmüşdür. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılmış, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının yaxşılaşdırılmasına təsiri olmuşdur. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya "Zaman" adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.
XIX əsrin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, İngiltərə, İran və digər dövlətlərə çoxlu sayda atların, xüsusilə madyanların satılması nəticəsində Qarabağ atlarının zəifləməsi, XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin bu prosesə təkan verməsi Qarabağ atlarına yeni yanaşmanı, cinsin reabilitasiyasını ön plana çəkmişdir.
XX əsrdə Qarabağ cinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq zavodunun yaradılmasıdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin xarakterik əlamətlərini özündə saxlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdir. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovxozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri tərəfindən bir daha baxışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilmiş və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Yevlax rayonunun Xaldan quşçuluq sovxozuna gətirilərək zavodun əsası qoyulmuşdur. Lakin yeni yaradılan at zavodu üçün Xaldan quşçuluq sovxozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından xeyli fərqli idi. Ona görə də zavod 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndinə köçürülmüşdür. Ağdam Atçılıq zavodunun yaradılması Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamışdır.
XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurmuşdur. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. 
Ağdam Atçılıq zavodunun direktoru Maarif Hüseynov AzərTAc-a müsahibəsində bildirmişdir ki, ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışmışlar. Lakin rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıxarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlax rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra isə Bakı şəhərində cıdır meydanına aparılmış, 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülmüşdür. Buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yerləri olan Ağdamın əvəzini verə bilməsə də, ötən dövr ərzində atlar onlar üçün əlverişsiz şəraitdə qalmağa uyğunlaşmışlar. Hazırda Ağdam Atçılıq zavodunda 200 başa qədər at saxlanılır. Hər il 30-40 bala alınır. Onlar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir, bir qismi məşq etdirilərək öyrədilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.
Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün ciddi işlər görülmüşdür. 2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanmış, "Atçılığın inkişafı üzrə Proqram" təsdiq edilmişdir. Ağcabədi rayonunun Xamtorpaq ərazisində Qarabağ atlarının saxlanılması üçün müəyyən şərait yaradılmış, torpaq sahəsi ayrılmışdır. Bununla belə zavodun maddi-texniki bazasının möhkəmləndirilməsi, Qarabağ cinsinin genofondunun qorunması üçün əsaslı tədbirlərin görülməsinə ehtiyac vardır.
Bəli, bu gün Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 1 milyon əhalisi kimi dünya şöhrətli Qarabağ atları da məcburi köçkünlük həyatı yaşayır. Şübhə etmirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə xalqımızın mənafeyinə uyğun həllini tapacaq, milli sərvətimiz olan Qarabağ atları öz şöhrət sülaləsini işğaldan azad edilmiş doğma Qarabağımızda davam etdirəcəkdir.