Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
25 Fevral , 2015

“Qarabağ” sözünün mənası “Qara” və “bağ” tərkiblərindən yaranmışdır. “Qarabağ”ın birinci hissəsinin “rəng”, “pis”, “qayğılı”, “bədbəxt”, “şimal”, eləcə də başçı, böyük, güclü kimi anlamı vardır. Azərbaycanın bir sıra yerlərində böyük qardaşa da qara deyirlər. “Qarabağ” sözünün ikinci tərkibi “bağ”ın “bağ”(ip), “düyün”, “bağ” (bağ-bağat), “soy birləşməsi, silsiləsi”, “xalqın bir hissəsi”” və s. anlamları daha çox yayılmışdır. Deməli, Qarabağ- güclü, böyük soy birləşməsi, xalqın başçısı, bölgüsü deməkdir. Görünür ki, burada azərbaycanlıların ulu babalarının güclü, böyük bölgüsü məskən salmışdır. Araşdırmalardan da məlumdur ki, doğrudan da bu torpaqlarda vaxtilə Orta Asiyadan tutmuş Qafqaza qədər səs salmış böyük, güclü bir qəbilə birləşməsi - Arsaqlar yaşamışlar. “Qarabağ” sözünün isə iki söz birləşməsindən ibarət olduğu bəllidir. Bu ifadə yer adı kimi VII əsrdən işlənməyə başlanmışdır. Qarabağ Qafqaz Albaniyasından sonra Ərəb xilafətinin əsarətini yaşamış IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrdə Salarilərin, XI- XII əsrlərdə Şəddadilərin, XII- XIII əsrlərdə Eldəgizlərin, XIII – XVI əsrlərdə Hülakilərin, XV- XVI əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Azərbaycan xanlıqlara parçalanarkən Qarabağ bəylərbəyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yaranmışdı. 
17 mahala bölünmüş Qarabağ xanlığının ərazisi Şərqdən Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbdən Qarabağ dağları adlanan Köşbek, Salvartı, Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Kür çayı ilə sərhəddi vardı. 
Ermənilərin Qarabağa gəlişi XIX əsrlərə təsadüf edir. Rusiya Qafqazı əldə etmək planlarını həyata keçirməyə başlayarkən ilk olaraq Qarabağa sahibləndi. Qarabağ xanı İbrahim xanla rus qoşunlarının komandanı R.D. Sisianov arasında Kürəkçayda bağladıqları müqavilə Qarabağın işğal fərmanı oldu və tarixi saxtalaşdırmağa cəhd edən ermənilərin ümidləri puç oldu. Qarabağ məhz türk-müsəlman ölkəsi kimi Rusiyaya birləşdirildi. Amma çar Rusiyası bu bölgəni daim əldə saxlamaq üçün müəyyən planlar cızırdı və Azərbaycanın digər əraziləri də işğal olunarkən onu əbədi rus torpağı etmək ideyası ortaya çıxırdı. Bölgəni əldə saxlamağın yeganə yollarından biri buraya erməniləri köçürmək idi. 1928- ci ildə Rusiya ilə İran arasında bağlanan “Türkmənçay” müqaviləsindən sonra ermənilərin köçürülməsi kütləvi xarakter aldı. 1829-cu ildə Ədirnə müqaviləsindən sonra isə Osmanlı ərazilərindən ermənilər Qarabağ və İrəvan xanlığının ərazilərinə köçürülməyə başladılar. Təkcə bu müqaviləyə görə 84 min erməni Qarabağ və digər ətraf ərazilərə köçürüldülər. 1988-ci ildə ermənilər Dağlıq Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndinə köçürülmələrinin 150 illiyini keçirmişlər. Orada bir daş abidə ucaldılmış və üzərində “Marağa- 150” həkk olunmuşdu. Bu fakt özü də göstərir ki, Qarabağda ermənilərin məskunlaşma tarixi vur-tut cəmi 150 il idi. Qarabağın erməniləşməsi bir rus planı olmuşdur. Bunu tarixi sənədlər də sübut edir. 1783-cü il 19 mayda knyaz 
A. Patyomkinin II Yekaterinaya yazdığı məktubun özü də ən yaxşı dəlillərdəndir. Həmin məktubda knyaz çariçanı ehtiyatlandırır və “Qarabağı ermənilərin idarəsinə verməklə Asiyada “xristian bir dövlət qurmağın” faydalı olacağından bəhs etmişdi. 
1828-1830-cu illər arasında Qarabağa qeyri-rəsmi olaraq 200 mindən çox erməni köçürülüb yerləşdirlmişdi. Görkəmli alim N.Şavrov 1911- ci ildə yazırdı ki, “Zaqafqaziyadaki 1,3 milyon erməninin 1 milyondan çoxu gəlmədir. Ermənilərin bu ərazilərə axını burada yaşayan yerli albanları əridib yox etdi.
Vətənin bir parçası sayılan Qarabağ Muxtar vilayətinin ərazisi 4,4 min kv. kilometrdir və bu da Azərbaycan Respublikasının beşdə birini təşkil edir. 1970- ci ildə DQMV- də 150 mindən çox əhali yaşayırdı. Vilayəyin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni, Şuşa rayonları daxildir. İndi bu rayonlar Ermənistan qəsbkarlarının nəzarəti altındadır.