Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Ekologiya
25 Fevral , 2015

İnsan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. 

Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdi. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. 

XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. 
Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı. 

İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. 

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıxı bağlı mexanizmlərini, ətraf mühitin (təbiətin) insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən artır. 

Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji təlimdir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı təsirini öyrənməkdir. Müasir ekologiyanın diqqət mərkəzində ekosistemin konsepsiyası - ekoloji paradiqmanın konstruksiyasının əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər, qruplaşmalar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və ekoloji tədqiqat obyektləri hesab olunur, lakin müstəqil bir elm kimi ekologiya üçün spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur. 

Ekologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə qarşı mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar və ətraf mühitin mühafizəsi məsələlərinin həlli müasir tətbiqi ekologiyaya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: Qlobal ekologiya, insan ekologiyası, sosial ekologiya, mühəndis ekologiyası, kənd təsərrüfatı ekologiyası, memarlıq ekologiyası, mədəniyyət ekologiyası, coğrafi ekologiya, geokimyəvi ekologiya, rekreasiya ekologiyası, nəqliyyat ekologiyası, və bir çox başqaları. Bu göstərilən sahələr ümumi ekologiyanın müstəqil bölməsi, yaxud nəzəri və tətbiqi ekologiyaya bölünür. 

Bir tədris fənni kimi ekologiya 4 əsas bölməyə ayrılır: 1) autekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında təlim); 2) populyasiya ekologiyası, yaxud demekologiya; 3) ekosistem və qruplaşma ekologiyası, yaxud biosenologiya (biogeosenologiya); 4) biosfer haqqında təlim. 

- Akvatik ekologiya - su orqanizmlərinin ekologiyası. 
- Analitik ekologiya - ekologiyanın orqanizmlər və onların populyasiyalarının təbii mühitlə əlaqəsini öyrənən bölməsi. 
- Aqroekologiya, kənd təsərrüfatı ekologiyası - aqroekologiya, aqrosenologiya, aqrorekologiya, mədəni fitosenologiya - aqrosenozlar və ya mədəni ekosistemlər haqqında elm. 

Aqroekologiya aqrosenozlarda birgə məskunlaşmağa uyğunlaşan orqanizmlər arasındakı əlaqəni, bir-birinə təsirini, mühitin onlara təsirini, hər hansı bir biosenoloji mühitin yaranmasında orqanizmlərin rolunu, həmçinin aqrosenozların strukturunu, tiplərini, məhsuldarlığını və rayonlaşdırılmasını tədqiq edir. Aqroekologiyanın ümumi məqsədi - biosenoloji qanunauyğunluqlardan istifadə etmək, mədəni bitkilərin məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir. Həmçinin belə şəraitdə əhalinin qorunması və sağlamlığının yaxşılaşdırılması üzrə təbii qanunauyğunluqları öyrənməkdir. 

- Kimya ekologiyası - canlı təbiətdə kimyəvi əlaqələrin kompleks elm sahəsi. 
- Kosmik ekologiya - kosmik biologiya və fiziologiya-ekologiyanın bölməsi, kosmik gəmi və stansiyanın praktiki olaraq tam qapalı mikroekosistemlərində insanın və digər orqanizmlərin həyat fəaliyyətini tədqiq edir, uzunmüddətli (planetlərarası) uçuşlarda həyatı təmin etmək sistemini və mühitin tam regenerasiyalı şəraitini yaratmaq imkanmı (qismən su və qazların regenerasiyası) işləyib hazırlamağı öyrənir. 

- Geokimyəvi ekologiya - ekologiyanın orqanizmlər və onların qruplarının geokimyəvi mühitlə əlaqəsini, həmçinin orqanizmlər və on-ların qruplarının özlərinin ekosistem şəraitində geokimyəvi əlaqəsini öyrənən bölməsi. 
-Qidalanma ekologiyası- trofekologiya- biosenozda qida əlaqələrinin məcmusunu öyrənir. Trofekologiyanın fundamental konsepsiyasını ingilis ekoloqu Ç.Elton (1927) hazırlamışdır.
-Bitki ekologiyası- ekologiya elminin bitki orqanizmlərinin bir-biri ilə və olduğu mühiti ilə olan əlaqəsini və təsirini öyrənən sahəsidir.
- Dinamiki (ekolyusion-dinamiki) ekologiya - orqanizmlər və onların qruplarının (populyasiyalarının) dinamik - təkamül planında yaşadığı mühitlə əlaqəsini öyrənən elm sahəsi. 
- Təkamül ekologiya - biologiyanın bir sahəsi olub təkamülün ekoloji aspektlərini tədqiq edir. 
- Ekzobiologiya - Yerdən kənar həyat formalarının axtarışına və tədqiqinə həsr olunmuş eksperimental elm sahəsi. Ekzobiologiyanın əsas problemləri: ətraf mühitin ekstremal şəraitində quruda yaşayan orqanizmlərin sağqalma mexanizmlərinin hüdudlarını müəyyən etmək və öyrənməkdən; ən mühüm bioüzvi birləşmələrin abiogen sintezi yollarını və ilkin bioloji təkamül mərhələlərini aydınlaşdırmaqdan; avtomatik bioloji laboratoriyaların köməyi ilə başqa planetlərdə həyatın aşkar edilməsinin avtomatik üsullarını işləyib hazırlamaq və həyat meyarını müəyyənləşdirməkdən ibarətdir. 
- Ekoloji biokimya - kimyəvi ekologiya, fitokimyəvi ekologiya - bitki və heyvanların qarşılıqlı ələqələrinin biokimyəvi əsasları istiqamətində tədqiqatlar aparan elm sahəsi. 
- Ekoloji energetika - 1) ekologiyanın energetika proseslərinin (termodinamik qanunlar, energetik piramida, lindeman qanunu və s.) öyrənən bir bölməsi. 2) ətraf mühit üçün təhlükəsi olmayan (onu çirkləndirməyən) energetika (enerjinin alternativ mənbəyi), məsələn, hirdohelio və külək elektrik stansiyası, dənizin qabarma və çəkilməsinin geotermik enerjisi, dəniz suyunun temperatur qradiyenti, istilik nüvə enerjisi və sairədən istifadə. 
- Elektroekologiya - canlı təbiətdə elektrik əlaqələri haqqında elm. 
- Ekopedologiya, edafoekologiya - ekologiya və torpaqşünaslıq ayrıcında (qovuşuğunda) kompleks elmi fənn. Torpağın abiotik (rütubətliyi, mexaniki-kimyəvi, qaz tərkibi, turşuluğu, temperaturu və s.) və biotik komponentləri arasında qarşılıqlı əlaqəsini öyrənir. Ekopedologiya, edafoekologiya terminini K.D.Kirise (1974) təklif etmişdir. 
- Ekotoksikologiya, ekoloji toksikologiya - ekosistemin tərkibinə daxil olan canlı orqanizmlərə, əsasən populyasiya və biosenozlara kimyəvi maddələrin toksik effekti ilə bağlı elmi və praktiki fənn. Zərərli maddələrin ətraf mühitə daxil olan mənbəyini, onların yayılmasını və ətraf mühitdə çevrilmələrini öyrənir. Ekologiyanın əsas bioloji obyekti insan sayılır. Ekologiya insan ekologiyasının mühüm problemini - ətraf mühitdə mövcud olan zərərli maddələrin ziyanından insan sağlamlığını qorumağı həll etməkdir. 
- Ekotopologiya - Yer qabığının strukturu, funksiyası, elementar vahidinin təkamülü haqqında kompleks elm (ekologiya və fiziki coğrafiya qovuşuğunda). Ekotopologiya konsepsiyasını V.B. Soçava (1968, 1972) işləmişdir. 
- Eksperimental ekologiya - insanın bilavasitə müdaxiləsi ilə istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar vasitəsilə təbii və mədəni ekosistemlərin, onların fraqmentlərinin, populyasiyalarının həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya şəraitində model metodları ilə tədqiq olunur. 
- Epeyrologiya - Yer (quru) ekosistemlərinin ekologiyası. 
- Etnik ekologiya - insan ekologiyası ilə etnoqrafıyanın qovuşuğunda yaranan elmi fənn. Etnik qruplaşmaların ətraf təbii mühitlə qarşılıqlı təsirini öyrənir. Etnik ekologiya nəzəri əsaslan V.İ.Kozlov (183) tərəfindən işlənmişdir. 
- İnsan ekologiyası - ekologiyanın insanın ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən kompleks elm sahəsi (sosial ekologiyanın bir hissəsi). O, əhalinin inkişaf məsələlərini, onun qorunması və sağlamlığını, biosferin və onun ayn-ayn hissələrinin antroposistemlə qarşılıqlı əlaqəsini, həmçinin ətraf mühitin müxtəlif faktorlarının insan orqanizminə təsirini öyrənir. İnsan ekologiyasının mühüm vəzifəsi insanın sosial fəaliyyətinin elmi-texniki inkişaf şəraitində müxtəlif coğrafi regionların istehsal-iqtisadi qanunauyğunluqlarını məqsədli mənimsənilməsini və dəyişdirilməsini aşkar etməkdən ibarətdir.