Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Ekologiya
25 Fevral , 2015

Azərbaycan Respublikasının ərazisi (86,6 min kv.km) Qafqaz boynunda geniş sahəni əhatə edərəк makro və mezorelyefin müxtəlif oroqrafik, geomorfoloji elementlərini birləşdirir. Respublikanın şimalında, zirvələri daimi qar və buzlaqlarla örtülü olan, Böyük Qafqazın dağ sistemləri uzanır (Bazardüzü d.- 4466 m, Şahdağ d.- 4243 m). Ərazinin hündürlüyü, Xəzər dənizi sahilində, dəniz səviyyəsindən 27,0 m aşağıda yerləşir.
Şimal-qərbdə Böyük Qafqaz dağ sistemlərinə dağətəyi düzənliklər, şərqdə isə 200 palçıq vulkanı fəaliyyət göstərən Qobustan alçaqdağlıq rayonu birləşir. 
Respublika ərazisinin qərbində və cənub-qərbində Kiçik Qafqaz dağ sisteminin çoxsaylı sıra dağları və Qarabağ vulkanik yaylası uzanır. Cənub-şərqdə, dəniz sahilboyunda isə Talıs dağları və Lənkəran ovalığı yerləşir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında maili düzənliklər və alçaqdağlıq tirələrlə haşiyələnmiş Kür-Araz ovalığı uzanır. 

Xəzəryanı ovalıq ensiz zolaq şəklində, Dağıstan sərhədindən İran sərhədinə qədər bütün Xəzər dənizi sahilboyunu əhatə edir. Azərbaycanın təbii-iqlim şəraitinin müxtəlifliyi təbii mühitin ekoloji vəziyyətinə təsir edir. Bütün dünyanın, о cümlədən dövlətimizin də ən vacib problemlərindən biri təbii mühitdə baş verən dəyişikliklərin respublika əhalisinin sağlamlığına göstərdiyi təsirdir. 

Ən mühüm ekoloji məsələ - ətraf mühitin irimiqyaslı çirklənməsi ilə (yanacağın yandırılması nəticəsində karbon qazının atmosferə buraxılması, sənaye istehsalatı tullantıları ilə suyun və torpağın zəhərləməsi) mübarizə aparmaqdır: qlobal ekosistemlərin dağılması - ekoloji sarsıntıların səbəbidir. 
Hazırda təbii mühitdə proseslərin qlobal dəyişiklikləri, о cümlədən, iqlimin istiləşməsi, atmosferin qaz tərkibinin pozulması, turşu tərkibli yağışların yağması, ozon təbəqəsinin nazikləşməsi, təbiətdə maddələr dövranının pozulması, kütləvi şəkildə meşələrin qırılması, torpaqların təbii münbitliyinin azalması və eroziyanın güclənməsi, səhralaşmanın genişlənməsi, planetin genofondunun azalması, təbii fəlakətlərin artması baş verməkdədir. Həyatı təmin edən bütün təbii sistemlərin deqradasiyası baş verir. 

Respublikamızda bu problem ərazimizin coğrafi mövqeyinə, müxtəlif iqlim şəraitinə və kənd təsərrüfatının aparılmasına görə xüsusi mürəkkəbliyi və çoxcəhətliyi ilə fərqlənir. 

Meşələrin mövcudluğu, onların vəziyyəti və mühafizə edilməsi ekologiyanın ən mühüm məsələlərindən biridir. Meşələr, rütubəti dəniz və okeanlardan materiklərin ən ucqar nöqtələrinə çatdıran, həyatda müstəsna rol oynayan nəhəng təbii nasoslardır. Rütubət olmayan səhralarda külək yalnız dəniz istiqamətində сərəуаn edir. Respublikamızın dağ yamaclarında meşələrin yaxşı qorunmaması, subalp və alp çəmənlərində hədsiz və sistemsiz mal-qara otarılması eroziya prosesini gücləndirir, yarğanların, sürüşmələrin əmələ gəlməsinə, dağıdıcı sellərin cövlanına, bioloji müxtəlifliyin deqradasiyasına səbəb olur. Bununla əlaqədar ərazinin flora və faunası dəyişilmiş, təbii-iqlim balansının pozulması və ekosistemin parçalanması baş vermişdir. 
Azərbaycanda bir sıra ekoloji cəhətdən gərgin zonalar mövcuddur. Bu zonalara Abşeron yarımadasının, Kür, Araz və Oxçuçay çaylarının hövzələrini, Gəncə, Mingəçevir, Şirvan kimi iri şəhərlərin ərazilərini aid etmək olar. 

Abşeron yarımadasının ərazisi, özünün sənaye infrastrukturuna, yaşayış məntəqələrinin aqlomerasiyasına görə ekoloji cəhətdən çox təhlükəlidir. Burada biosferin tərkib hissələrinin qanunauyğun fəaliyyəti kəskin pozulmuşdur. 

Bu gün, respublikanın ekoloji vəziyyəti haqqında mükəmməl, ətraflı məlumatın alınması cəmiyyət və dövlət üçün son dərəcə vacibdir. 
Dünyada baş verən təbii-iqlim proseslərinin qarşılıqlı əlaqəsi respublikamızın da təbii-iqlim proseslərinə öz təsirini göstərir. Buna görə də dünyanın təbii mühitinin ekoloji vəziyyəti Azərbaycanın da ekoloji vəziyyətinə ciddi təsir göstərir. 
Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə son dövrdə ölkəmizə əvvəlki illərdən miras qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərdə intensiv fəaliyyət göstərilmişdir. 

Ölkəmiz üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətində ciddi tədbirlər görülür. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” milli proqramlara daxil edilmiş tədbirlər ardıcıl həyata keçirilir. 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin müxtəlif bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. 

Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.

“Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli Sərəncamına əsasən Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə konkret tədbirlər həyata keçirilmişdir. 

Respublika ərazisinin təbii örtüyünün qorunması ciddi problem olaraq qalır. Son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş müvafiq sərəncamlara əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində təqribən iki dəfə artırılmışdır. 

Azərbaycan Respublikası ətraf mühitə dair mühüm beynəlxalq konvensiyaların hamısına qoşulmuşdur. 

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən kompleks tədbirlər və əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi insanların sağlam təbii mühitdə yaşamasına, təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsinə xidmət edir. 

Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, şəhərlərdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzərin, torpağın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması, ekoloji problemlərin təxirəsalmadan həllinin zəruriliyi ekologiya elminə tələbat və marağı günü-gündən artırır. 
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi çərçivəsində Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları bu elektron resursda ölkəmizdə mövcud olan ekoloji problemlər və dövlətin həyata keçirdiyi ekoloji siyasətin əsas istiqamətləri haqqında materiallarla yanaşı, bu sahədə yaradılmış qanunvericilik bazası və ekologiyaya aid hazırlanmış elektron resurslar internet istifadəçilərinə təqdim edilir.

Hazırladı: Babaşova Şəbnəm