Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
11 Sentyabr , 2019
Bazar ertəsi idi. Dərsdən xoş əhvalla qayıdan Humay anasını da sevindirdi, düz dörd fəndən əla qiymət almışdı. Nahar edib otağına keçdi və dəftər-kitablarını səliqə ilə yazı stolunun üzərinə düzməyə başladı. Elə bu vaxt qəribə səs eşitdi, sanki onu kimsə çağırırdı. Səs kitab şkafı tərəfdən gəlirdi. Rəflərə yaxınlaşan Humay gözlərinə inanmadı. İkinci rəfə alabəzək, parlaq üzlü bir kitab qoyulmuşdu. Günəşin şüalarını əks etdirən cildi Humayın gözünü qamaşdırdı. Qızı heyrət bürüdü...

Axı onun belə kitabı yox idi, bəs bunu onun otağına kim qoyub? Kitabı götürüb baxmaq istəyəndə yenə həminki səsi eşitdi: “Humay, Humay! Qorxma, danışan mənəm, sənin dostun olmaq istəyirəm. Əgər məni götürüb vərəqləsən, heç vaxt görmədiyin möcüzəli aləmə düşəcəksən”. Humay təəccüblənsə də, maraq onu bürüdü. Kitabın birinci səhifəsini açan kimi gözlərinin önündə min rəngə çalan ulduzlar, al-əlvan dumanlıqlar, işıq saçan böyük daş parçaları canlandı. On yaşlı qız kitabı vərəqləməyə başladı. Tanış səs yenə eşidildi: “Humay, indi səni sonsuz kainatda səyahətə aparacağam. İstəyirəm sənə planetləri göstərim. Ulduzların necə yarandığını, balaca peyklərin hərəkətini bir yerdə izləyək”. Kitabın həzin səsinə qapılan balaca qız bir vərəqi də çevirdi və qeyri-adi aləmə düşdü... 

O, öyrəndi ki, doqquz planetdən ən böyüyü Yupiterdir, onun da dövrəsində fırlanan kiçik peykləri var. Ən balaca planet olan Merkuri Günəşə yaxın olduğundan sürətlə fırlanır. Görünüşü digərlərindən fərqlənən Saturn planeti onun diqqətini çəkmişdi, çünki ətrafında parlaq tozlardan və dumandan əmələ gəlmiş nəhəng halqası vardı. Qırmızı rəngə çalan isə Mars idi. 

Onların hər biri bəzəkli topa bənzəyirdi. Kitabın mehriban səsi ona gözəl Venera, güclü Uran, buzlu Neptun haqqında məlumat verdi. Günəş sistemin ən uzaq planeti, sakit və soyuq Pluton haqqında da danışdı. Dayanmadan tez-tez yanıb sönən işıqlardan gözünü ayırmayan Humaya dostu izah etdi ki, ulduzların da ömrü var. Mavi ulduzlar çox parlaq olduqlarından tez sönürlər, qırmızı ulduzlar isə daha çox yaşayır və hər dəfə bir ulduz sönəndə milyonlarla yeniləri doğulur.

“Humay, sənin yaşadığın Yer planeti isə, bütün planetlərdən ən gözəlidir. Sən bir onun rənginə bax, okeanlarına, materiklərinə, yaşıllıqlarına, canlılar aləminə diqqət et…
Heç bir planetdə bunlar yoxdur. Biz, Yer planetinin canlıları bu əsrarəngi dünyamızı qorumalıyıq. Yerin özü də ağıllıdır. Günəşin isti şüalarından istifadə edərək bu gözəllikləri daha da çoxaldır. Ay isə Yerin ətrafında fırlanaraq gecələrimizə nur saçır, ulduzlara yoldaşlıq edir” – deyən sehrli kitab, qızın maraq dolu gözlərinə baxıb sevindi. 

Humay bu möcüzələr dünyasından ayrılmaq istəmirdi, ancaq başa düşürdü ki, dostu ilə vidalaşmaq zamanıdır, ev tapşırıqları onu gözləyirdi. Kitabdan soruşdu:
— Bəs səni bura kim qoyub?
— Məni Günəş göndərib, onun şüalarından yaranmışam.
Hər səhər yuxudan ayılanda Günəşi salmaladığın üçün o da sənə minnətdarlığını bildirir.

Humay sehirli dostunun sonuncu vərəqini çevirən kimi kitab kiçik zərrəciklərə dönüb pəncərədən düşən günəş işığına qarışdı. Qızcığaz bu gün öyrəndiklərinin hamısını ona borclu idi. Bir müddət gözünü ayırmadan işıq şüalarına tamaşa etdi, sonra mehribancasına sağollaşıb, öyrəndiklərini anasına danışmağa tələsdi…