27 Mart , 2020
Bu günün hər il dünyada keçirilməsi ilə
bağlı qərar YUNESKO yanında Beynəlxalq
Teatr İnstitutunun 1962-ci ildə Vyanada
keçirilən konqresində qəbul olunub. Hər il
Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu
incəsənət xadimləri dünya ictimaiyyətinə
müraciət edirlər. Bu ənənənin əsasını qoyan və
ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü
münasibətilə mesaj göndərən fransalı yazıçı
Jan Kokto (1962-ci il) olub. Ölkəmizin
rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə
xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah
halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama
uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram,Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında
yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmışdır. Hazırda bu
istiqamətdə işlər uğurla davam etdirilir. Ötən illər ərzində respublika teatrları
dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus,
Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya,
Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi
ləyaqətlə təmsil ediblər. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar,
baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana
dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif
tədbirlər keçirilir, tamaşalar göstərilir.