Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
11 May , 2020

Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il may ayını 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Texniki Universitetinin inşaat fakültəsində təhsil alıb. Eyni zamanda universitetin çoxtirajlı “Politexnik” qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirib (1958-1959). 1960-1962-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis işləyib.

1962-1964-cü illərdə Moskva Ali Ssenaristlər Kursunun müdavimi, 1964-1971-ci illərdə Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri, 1971- 1973-cü illərdə Moskva Ali Rejissorluq Kurslarının müdavimi olub.

Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri və hekayələri dərc olunub. Bu əsərlər sırasında: “Bütün yaxşılıqlara görə ölüm”, “Truskavetsə kim gedəcək”, “Ondan yaxşı qardaş yox idi”, “Qoy o bizimlə qalsın”, “Bayquş gəldi” və başqalarını qeyd etmək olar. Nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.

Pyesləri - “Mezazoy əhvalatı” (1975), “Bütün yaxşılıqlara görə ölüm” (1978), “Müdrik Sfinks gülümsəyir” (2001), “Final restoranı” (2006) və başqaları müxtəlif illərdə tanınmış səhnə xadimlərinin quruluşunda və ifasında oynanılıb. Onların sırasında Boris Ravenskixin (Moskva Malıy dramatiçeski teatrı), Zinoviy Karaqodskinin (Leninqrad Gənc tamaşaçılar teatrı), Tofiq Kazımovun (Azərbaycan Milli dram teatrı) və başqalarının adlarını çəkmək olar.

Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, 1995, 2000, 2005-ci illərdə millət vəkili, Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana Ştatının Fəxri Senatoru, Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti olub.

1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 1976-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1979-cu ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

1995-ci ildə “Şöhrət”, 2005-ci ildə isə “İstiqlal”, həmçinin Roma papasının, Rusiya Federasiyasının “Dostluq”, “Şöhrət və Şərəf” ordenləri ilə təltif olunub.

Maqsud İbrahimbəyov 2016-cı il mart ayının 22-də Bakı şəhərində vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.