Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
13 May , 2020

Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib.

İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub.

Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

"Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.

Elçinin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında Londondakı St. James teatrında "Gecə yarısı" (ing. Midnight) musiqili tamaşası hazırlanıb.

Xalq yazıçısı Elçinin əsərləri Azərbaycan teatrlarının daimi repertuarındadır, ssenariləri əsasında isə 20-dən artıq film çəkilib.

Elçin Əfəndiyev ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.