Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Səbail rayon MKS
Xəbərlər
27 İyun , 2020

Malik Hamil oğlu Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə burada orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. Qazaxıstanda hərbi xidmətini başa vurub, Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlayıb.

Qarabağ hadisələri başlayanda o, əsgər paltarı geyinir. Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.

1992-ci il yanvar ayının 12-i Mingaçevirdən 20 nəfər döyüşçü Şuşaya getməliydi. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.

Yanvarın 18-i ermənilər kəndə hər tərəfdən hücuma keçmişdilər. Yaraqlıların sayı, bəlkə də, yüzə yaxın olardı. Onlar isə cəmi 6 nəfər idi. Polislər geri çəkilməyə məcbur oldular. Malik Əsədov bir neçə yara almışdı. Amma o, yenə də cəsarətlə döyüşürdü. Şuşa polisinin əməkdaşları özlərini onlara yetirsələr də artıq gec idi. Malik gözlərini əbədi yummuşdu, erməni faşistləri onu qəddarlıqla qətlə yetirmişdilər.  Ancaq Malik də son məqamında belə borclu qalmamışdı; ətrafda onlarla düşmən cəsədi yerə sərilmişdi.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Havarlı kəndində dəfn edilib.

Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində – işlədiyi idarənin önündə Qəhrəmanın büstü qoyulub.